Azərbaycanda «Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri» adlı kitab nəşr olunub.
APA-nın məlumatına görə, general-mayor Hafiz Musayevin müəllifi olduğu kitabda terror fəaliyyətinin yeni forma və üsullarının və ona qarşı qlobal və regional mübarizənin tətqiqinə xüsusi diqqət yetirilib. Kitabın birinci fəsli “Beynəlxalq terrorçuluq beynəlxalq cinayətdir” adlanır. Burada beynəlxalq cinayəti xarakterizə edən əsas elementlər göstərilir və bu əlamətlərin hər birinin beynəlxalq terrorçuluğa xas olması qənaətinə gəlinir. Beynəlxalq terrorçuluq cinayətinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində BMT-nin qəbul etdiyi 13 konvensiya, bəyannamə və protokollar təhlil olunur və bu mübarizədə onların əhəmiyyəti göstərilir. İkinci fəsil “Dünya birliyinin beynəlxalq terrorçuluğa qarşı mübarizəsi”nə həsr olunub. Burada Avropa İttifaqı ölkələrinin, “səkkizlər qrupu”nun Müstəqil Dövlətlər Birliyinin, NATO ölkələrinin antiterror fəaliyyəti sahəsində normativ sənədləri təhlil olunub, onlardan hər birinin müsbət və mənfi tərəfləri göstərilib. Həmçinin müxtəlif ölkələrinin xüsusi xidmət orqanlarının (kəşfiyyat və əks-kəşfiyyat orqanlarının) mübarizə üsulları araşdırılıb.
Üçüncü fəsil isə Azərbaycanda beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının taktika və strategiyasına və bu mübarizənin hüquqi təminatına həsr olunub. Kitabın praktiki əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəaları Azərbaycanda antiterror siyasətinin həyata keçirilməsində istifadə oluna bilər.
Hiç yorum yok:
Yorum Gönder