29 Ocak 2011 Cumartesi

SAM sədri: “Azərbaycandakı iranlı tacirlərin çoxu İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edir”

15:40 / 28.01.2011
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri, Kanadada yaşayan güney azərbaycanlı mühacir Aslan Xalidi son vaxtlar bəzi dairələr tərəfindən hicab probleminin süni olaraq qabardılması, dindarların təxribatlara cəlb edilməsi və digər məsələlərlə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, A.Xalidi İranın Azərbaycandakı əlaltılarının təxribat cəhdlərinin güney azərbaycanlıları narazı saldığını deyib. O, qeyd edib ki, milyonlarla güneyli kimi o da molla hakimiyyətinin hərəkətlərindən hiddətlənib.

Azərbaycanda dünyəvi dövlət, dünyəvi təhsil əleyhinə çağırışlar edən "dindar"ların arxasında İranın dayandığını söyləyən SAM sədri bildirib ki, onlar xüsusi olaraq yetişdiriliblər.Onun fıkrincə,1991-cı ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlara başlayıb: “İran o vaxtdan Azərbaycanı kiçik Fələstinə çevirməyə çalışır. İran çalışırdı ki, Azərbaycanda İsrail, ABŞ və digər bizimlə müttəfıq olacaq dövlətlərə qarşı çıxacaq qüvvə hazırlasınlar. Bu işlə əlaqədar olaraq 1991-ci ildən etibarən Azərbaycandan müəyyən gənclərin qanunsuz olaraq İrana aparılması təşkil edildi. O zaman bununla bağlı belə açıqlama verildi ki, o gənclər dini təhsil alacaqlar. Amma əslində onların bəziləri guya könüllü olaraq hərbi təlimlərdə iştirak edəcək və Fələstinə, din yolunda kafirlərə qarşı vuruşmağa gedəcəklər. O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı. Dünyada bir sıra dini ocaqlar, dini-ideoloji mərkəzlər var. Onlardan biri də İranın Qum şəhəridir. Xomeyniçilik ideologiyasının mərkəzi Qumdur. İran hər il xomeyniçiliyə yiyələnmələri üçün minlərlə gənci müxtəlif müsəlman ölkələrindən Quma gətirir. Onlara təhsil və təlim verir, xomeyniçi kimi hazırlayıb öz ölkəsinə göndərir. Onlar bir kəşfiyyatçı kimi hazır xomeyniçi, panfarsist kimi yetişdirilir. O zaman Azərbaycan dövləti qarşısında məsələ qaldırdıq. İran tərəfı məsələni təkzib etdi. Amma biz Güney Azərbaycandakı vətənpərvər insanların köməyi ilə Qumdakı təlimləri göstərən bir lent yazısı ələ keçirdik”.


Evindən silah-sursat tapılmış, Azərbaycanın dövlət quruluşunu dəyişmək çağırışları ilə çıxış edən dindarların həbsinə İranın etiraz etdiyini deyən A.Xalidi bildirib ki, İranda eyni tələblə azərbaycanlılar çıxış etsə, onları edam edərlər. SAM sədri güney azərbaycanlıların İranı yox, Azərbaycanı öz vətənləri hesab etdiyini vurğulayıb: “Onlar Azərbaycana sevgi ilə yanaşırlar. Molla rejimi bilsin ki, Azərbaycana təzyiqlərlə burada xomeyniçiliyi hakimiyyətə gətirə bilməzlər. Əksinə molla hakimiyyətinin ömrünə az qalıb. İran rəhbərliyi bilsin ki, onların Azərbaycanda 5 min adamı varsa, Güney Azərbaycanda 35 milyon azərbaycanlı Azərbaycan Respublikasını dəstəkləyir”.

Hicab məsələsinin İran tərəfindən süni şəkildə gündəmə gətirildiyini deyən A.Xalidi bildirib ki, Azərbaycanın bəzi politoloqları və ziyalıları İran kəşfiyyat orqanlarına dəstək verirlər. O, bildirib ki, xarici ölkələrdə ermənilərlə farsların birgə fəaliyyət göstərməsi haqqında kifayət qədər məlumatları var. SAM sədri sonda vurğulayıb ki, Azərbaycandakı iranlı tacirlərin əksəriyyəti İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edir: “İran kəşfiyyatı ilə əməkdaşlıq etməyən hər hansı bir iranlı tacir tez bir zamanda iflasa uğradılır”.

http://sia.az/view.php?lang=az&menu=47&id=73708

Hiç yorum yok:

Yorum Gönder